Təhlükəsizlik

     Təhlükəsizlik tədbirləri iş verən və işçi üçün iş şəraitinin yaxşılaşdırılmasına səbəb olur.  Bu nəinki işçilərin fiziki səmərəliliyin artırır, həmdə onların həyatlarını qoruyur. Təhlükəsizliyin düzgün təşkil olunmaması, həmçinin insan diqqətsizliyi, ehtiyatsız yanaşması, qeyri – kafi bacarıq  və düzgün nəzarət olunmama bir çox hadisələrin yaranmasına səbəb ola bilər.

     Ulu öndər Heydər Əliyev deyib ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bizdə Baku Steel Company olaraq bu devizi əsas tutaraq addımlayırıq. Bütün bunları çox yaxşı anlayan şirkət rəhbərliyi bu cür hadisələrin qarşısını almaq üçün bir sıra şöbələr yaratmışdır:

  • Təlim Mərkəzi
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi
  • Pirotexnika şöbəsi

     Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi norma və standartlarının təlimi və təbliği məqsədi ilə şirkətdə Təlim Mərkəzi fəaliyyətdədir. Bu Mərkəz şirkət işçilərinin əməyin mühafizəsi ilə bağlı biliklərinin artırılması, baş verə biləcək istehsalat qəzalarının qarşısını almaq, eləcə də xəsarətlərin sayını minimuma endirmək üçün çox böyük əhəmiyyət daşıyır.

     SƏTƏMM şöbəsi müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, və təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat, sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət edir. Həmçinin müəssisədə yanğın təhlükəsizliyi üzrə qüvvədə olan qanunvericiliyə, təlimatlara, qayda və normalara riayət edilməsinə, yanğın və partlayış profilaktikasının həyata keçirilməsinə, əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

   

safety

  İstehsalat prosesinin həyata keçirilməsi üçün Azərbaycanın dörd bir yanından şirkətə metal tullantıları və avadanlıqları gəlir. Bəzən bu tullantıların içində hərbi sursat, partlamamış qumbaralar və. s bunun kimi təhlükəli avadanlıqlar da ola bilər. Bu cür təhlükəli silahların Polad Peçinə düşməsi isə çox böyük fəlakətlərin yaranmasına səbəb ola bilər. Belə fəlakətlərin qarşısını almaq üçün Zavod Rəhbərliyi Pirotexniklər şöbəsini yaradıb.

    Bu şöbənin işçiləri metal tullantılarının qəbulu və emalı ( kəsilib doğranması ) zamanı partlayıcı və partlama təhlükəsi olan hərbi sursatların, əşya və maddələrin seçilib ayrılmasını və partlayış təhlükəsizliyini təmin edir. Partlama təhlükəli əşyalar  aşkarlandıqda ,aşkarlanmış hərbi sursat və digər partlayıcı əşya və maddələr barədə dərhal təhlükəsizlik tədbirləri görülür. Ətrafdakı işçilər təhlükəsiz məsafəyə qədər uzaqlaşdırılır, təhlükə zonası çəpərlənir,  ətrafdakılara təhlükə yaratmadan, onların götürülərək müvəqqəti saxlama məntəqəsinə aparılmasına müşayiət edilir. Silahların yararsızlaşdırılması və ətraf mühitə ziyan vurmaması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edilir.

     Şirkətdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və ətraf mühitin mühafizəsi “Əmək Məcəlləsi”nə və digər qanunvericilik aktlarına, dövlət norma və standartlarına uyğun təşkil edilmişdir. Işçilərin sağlam və təhlükəsiz işləməsi üçün sanitar-gigiyena normalarına uyğun iş şəraitinin yaradılmasına nəzarət edilir, işçilər normalara uyğun xüsusi geyim – ayaqqabı və fərdi mühafizə vasitələri, pulsuz süd və süd məhsulları, müalicəvi-profilaktik yeməklərlə təmin edilir, ildə bir dəfə icbari tibbi müayinədən keçirilirlər.

     İnsan faktoru, insan həyatının qorunması müəssisəmiz üçün əsas vəzifələrdən biridir. İnsanların iş şəraitini asanlaşdırmaq, onların təhlükəsizliyini təmin etmək üçün Baku  Steel Company olaraq hər il bütün proseslərin avtomatlaşdırılması və yenilənməsi ilə məşğul oluruq. Bu işin edilməsində şirkət rəhbərimizin əvəz edilməz rolu var. Baku Steel Company olaraq biz nəinki şirkətimizin, hətta bütün Azərbaycanımızın inkişaf etməsi arzusundayıq və bu arzunun həyata keçməsi yolunda siyasətimizi düzgün seçərək addımlayacağıq.