Əbədi dövran
Leyla Ağadiyeva | Azərbaycan
Leyla Ağadiyeva 2003-cü ildə Bakı şəhərində anadan olub. 2018-2022-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasının (ARA) nəzdində İncəsənət kollecində “Dekorativ tətbiqi sənət“ ixtisası üzrə oxuyub. Hazırda ARA-da bakalavr təhsilini bu istiqamətdə davam etdirir.
Leyla Ağadiyeva “Baku Steel Art 2025“ simpoziumunda “Əbədi dövran“ adlı əsər yaradıb. ““Əbədi Dövran“ - həm damla, həm də yarpaq formasında su ilə təbiəti - həyatın iki əsas başlanğıcını birləşdirən arxetipik bir simvol kimi qurulub. Damla - planetin yaddaşını və enerjisini daşıyan başlanğıcdır. Yarpaq - Yer kürəsinin nəfəsi, suyun daşıyıcısı və tarazlığın rəmzidir, özündə yenilənmənin, böyümənin və saflığın qüdrətini daşıyır.
Damladan çıxan budaq və dalğavari xətlər görünməz hava axınlarını, təbiətin nəfəsini və həyatın titrəyən ritmini təsvir edir. Əsərin dəmir materialı möhkəmliyi, davamlılığı və insanın təbiətə müdaxiləsini təcəssüm etdirir.
Bu heykəl dörd ünsürün — su, hava, torpaq və metalın — səssiz söhbətinə çevrilir və tamaşaçının ağlında sual yaradır: biz bu incə tarazlığı necə qoruya bilərik? Çünki məhz bu ünsürlərin birliyində bəşəriyyətin sabahı gizlidir.“

