“Baku Steel Company” QSC 3000 vətəndaşımızın İT sahəsində ixtisaslaşmasına öz töhfəsini verir

Posted on Posted in N22_az, News

Sürətlə rəqəmsallaşan dünyadakı proseslərlə ayaqlaşmaq üçün fasiləsiz olaraq informasiya texnologiyaları (İT) sahəsini öyrənməli, qabaqcıl təcrübələri mənimsəməli və innovativ düşüncə tərzimizi təkmilləşdirməliyik. Dördüncü Sənaye İnqilabını xarakterizə edən rəqəmsallaşma tendensiyası Azərbaycanın da prioritet fəaliyyət istiqamətlərindəndir. 2021-ci ilin aprelində Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında imzalanan saziş və 2022-ci ilin fevralında MDB məkanında ilk dəfə məhz Bakıda Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin filialının açılması bunun bariz sübutudur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqəmsallaşmanın əhəmiyyəti xüsusi vurğulanıb və bu istiqamətə istər dövlət səviyyəsində, istərsə də özəl sektordakı subyektlər tərəfindən mütəmadi dəstək göstərilir.

20 ildən artıq fəaliyyət göstərən və Qafqaz regionunun ən iri metallurgiya şirkəti olan “Baku Steel Company” QSC olaraq, biz də, öz növbəmizdə Azərbaycanın İT sahəsinin təkmilləşdirilməsinə dəstək olmağa çalışırıq. Şirkətimiz Azərbaycanda rəqəmsal iqtisadiyyatın təkamülü və yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşması üçün İT sahəsində peşəkar kadrlar hazırlayan “IT Academy” layihəsinin 2022-ci ilin noyabr ayından rəsmi tərəfdaşıdır.

“IT Academy” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün birgə təşkil etdiyi təhsil layihəsidir. Layihə dünyanın 55 ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin iştirakı ilə həyata keçirilir.

“IT Academy” layihəsi çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-tərtibatçısı, QA-mühəndisi (testləşdirmə) və sistem inzibatçısı kimi peşələri sıfırdan öyrənirlər. Tədris prosesində tələbələr real problemlərin həllində unikal peşəkar təcrübə və praktiki bacarıqlar əldə edirlər.

Layihənin icrası nəticəsində, 2-3 il ərzində təxminən 3000 vətəndaşımızın İT sahəsində ixtisaslaşacağı və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyi proqnozlaşdırılır. “IT Academy” layihəsinin 200 nəfərə yaxın ilk məzunları 2023-cü ilin mart ayından bu sahədə qazandıqları bilik və təcrübələri tətbiq etməyə tam hazırdırlar. Belə ki, layihənin bütün kurslarında məzunlara bu sahədə iş tapmağa kömək edəcək karyera bloku, təlimlər və məsləhətlər yer alıb.

Azərbaycanın regionda qabaqcıl İT dövləti olmaq və postsovet məkanının İT bazarında mühüm oyunçuya çevrilməklə perspektivdə Avropa ölkələrinə çıxış əldə etmək üçün kifayət qədər potensialı var. “Baku Steel Company” QSC, öz korporativ sosial məsuliyyətini dərk edən şirkət olaraq, bu potensialın üzə çıxarılmasına, ölkəmizin informasiya təhlükəsizliyinin qorunmasına və iqtisadiyyatının qüdrətlənməsinə dəstək olmaqdan qürur duyur.