Azərbaycan metallurgiyasının flaqmanı – “Baku Steel Company” əsaslı yenidənqurmadan sonra istehsalı dörd dəfə artırıb

Posted on Posted in N14, News

İyulun 22-də “Baku Steel Company” zavodunda əsaslı yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahələri istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə zavodda təntənəli açılış mərasimi keçirilib. Müəssisədə aparılan əsaslı yenidənqurma istər məhsul buraxılışının artırılması, istərsə də ixrac potensialının genişlənməsi baxımından diqqəti cəlb edir. İndi burada Almaniya, ABŞ, Fransa, İtaliya və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Əlamətdar hadisədir ki, “Baku Steel Company”də yenidənqurma işlərinin əsas mərhələsinin yekunlaşması Prezident İlham Əliyevin elan etdiyi “Sənaye ili”nə təsadüf edir. Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə rəqabət qabiliyyətli, ixrac yönümlü, çox şaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, yeni və modern sənaye müəssisələrinin yaradılması istiqamətində intensiv iş aparılır. Artıq Azərbaycanda müasir standartlara uyğun, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri yaradılır. 2001-ci ildən fəaliyyətə başlayan “Baku Steel Company” bu sahədə nümunə göstərərək, ölkənin qeyri-neft sektorunun inkişafına dəyərli töhfələr verir. Qafqazda analoqu olmayan, hətta Avropada bir çox məşhur müəssisələrlə müqayisə edilən “Baku Steel Company” müasir texnologiyalardan və ən son yeniliklərdən bacarıqla bəhrələnir.

Bu və digər yeniliklər barədə zavodun yenidən qurulan istehsalat sahələrinin açılışı münasibətilə keçirilən tədbirdə məlumat verildi.

Mərasim iştirakçıları zavodda quraşdırılan ən son texnologiyalarla tanış oldular. Məlumat verildi ki, 2012-ci ildən başlanan yenidənqurma işləri istehsal dayandırılmadan aparılıb. Zavodda Almaniyanın “Siemens VAİ” şirkətində istehsal olunan modern konstruksiyalı 50 tonluq qövslü elektrik sobası, soba çalov qurğusu quraşdırılıb. Müəssisə ABŞ, Fransa, İtaliya, Türkiyə, Hindistan və digər ölkələrin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla da təchiz edilib. Habelə Kanadanın STEL–TEK şirkətinin istehsalı olan müasir fasiləsiz tökmə maşını rekonstruksiya edilərək şırnaqlarının sayı artırılıb.

Hazırda ekoloji normalara uyğun, mükəmməl konstruksiyalı qaztəmizləmə kompleksinə malik zavodda poladəritmə prosesində əsas güc aqreqatlarının işi də tam avtomatlaşdırılıb. Həmçinin 4 əlavə müasir soyutma qurğusu quraşdırılıb, yayma sexləri, təkrarqızdırma sobaları yenidən qurularaq təkmilləşdirilib. Bütün bunlar məhsulun keyfiyyətini ən son Avropa standartlarına uyğunlaşdırmağa imkan verir.

Zavodun mütəxəssisləri metal qırıntılarından əlavə, yeni texnologiya ilə filizdən alınmış məsaməli dəmirin əridilməsi prosesini də mənimsəyiblər. Bu məqsədlə hazırda Almaniyanın “Siemens VAI” və “SMS Siemag”, İtaliyanın “Danieli” şirkətlərinin birgə təklifləri əsasında məsaməli dəmir, yanmış əhəng və digər legirlənmə materiallarının sobaya və soba çalova verilməsi qurğusu tikilir.

Müasir avadanlıqlarla təchiz olunmuş qaraj təsərrüfatı, mexanikləşdirilmiş anbar kompleksi tikilib, həmçinin mexaniki sex genişləndirilib və burada yeni metal emalı dəzgahları quraşdırılıb. Almaniya istehsalı olan FKU qurğusu sayəsində sobanın ümumi enerji sisteminə mənfi təsirinin qarşısını tam almaq mümkün olub.

Yenidənqurma işlərinin tərkib hissəsi olaraq dünya standartlarına cavab verən, dəqiq təhlillər aparmaq imkanı yaradan mərkəzi laboratoriya qurulub. Bu laboratoriya Yaponiya, Almaniya və İsveçrənin yüksək keyfiyyətli avadanlıqları ilə təchiz edilib. Həmçinin müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilib, təmiz mikroiqlim yaradılıb.

Bütün bu işlər 20-dən çox yerli və xarici şirkətin, eləcə də zavodun 500-dən çox mühəndis-texniki heyətinin iştirakı ilə görülüb.

“Baku Steel Company”də aparılan yenidənqurma işləri məhsulun həcmini və keyfiyyətini yüksəltməklə yanaşı, çeşidini genişləndirmək imkanı yaradıb ki, bu da ixraca müsbət təsir edən amillərdəndir.

“Sənaye ili”ndə qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də müəssisələrin xarici bazara çıxış imkanlarının genişləndirilməsidir. “Baku Steel Company” bu baxımdan da öncüllər sırasındadır. Belə ki, onun məhsulları İran, Rusiya, Gürcüstan və digər ölkələrə ixrac olunur. Şirkət, eyni zamanda, ölkənin qeyri-neft sektorunda ən böyük vеrgi ödəyicilərindən biridir.

Azərbaycanın poladəritmə sənayesinin flaqmanı olan, aparılan yenidənqurma sayəsində müasir və modern müəssisəyə çevrilən “Baku Steel Company” Prezident İlham Əliyevin sənayenin inkişafı ilə bağlı qarşıya qoyduğu yeni hədəflərə doğru inamla irəliləməkdə davam edir.

 

İstinadən

6 6
14 14
16 16